Card image cap

ADNSU- da “Müəllimlər günü” qeyd edilib

Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 5 oktyabr- Beynəlxalq müəllimlər gününə həsr olunmuş tədbir keçirilib. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı şərəfli müəllim peşəsini layiqincə daşıyan bütün müəllim kollektivini təbrik edib.

Ulu Öndər Heydər Əliyevin müəllimlərə və müəllim peşəsi haqqında "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" kəlamı ilə çıxışını davam edən rektor, professor M.Babanlı Vətən müharibəsindəki qələbəmizdə müəllimlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əməyini xüsusi qeyd edərək, bu işdə orta məktəblə yanaşı ali məktəb müəllimlərinin çiyinlərinə də müstəsna məsuliyyətin düşdüyünü bildirilib.

ADNSU-nun dosentləri Gültər Nəsibova və Tahirə Hüseynova çıxışlarında müəllimlərə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edib və bu məsuliyyətli və eyni zamanda şərəfli işdə əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.

Daha sonra 2020/2021-ci tədris ilində əmək fəaliyyətlərində fərqlənən müəllimlərin adları açıqlanıb.

Qeyd edək ki, 5 oktyabr 1994-cü ildən YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib.