Card image cap

Şamaxıda ADNSU-nun müəllimlərinin də mentor qismində qatıldıqları “Mentorun 48 saatı” adlı “Bootcamp” gerçəkləşdirilir

Sentyabrın 7-də Şamaxıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə “Mentorun 48 saatı” adlı “Bootcamp” tədbirinə start verilib.

Öncə təhsil sahəsinə aid startapların nümayış olunduğu sərgiyə baxış keçirilib. “Bootcamp”ın açılışında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil nazirinin müavini Firudin Qurbanov çıxış ediblər. Vurğulanıb ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birgə fəaliyyətin təmin olunması, xüsusən də startapların inkişafı istiqamətində geniş imkanlar yaradan “TECH Diaspora” və “İnnovasiyalar Evi”nin yaradılmasından da danışılıb. Habelə innovasiya sahəsində ekosistemin daha da inkişaf etdirilməsi ilə bağlı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin bu sahənin oyunçuları olan şirkətlərlə uğurlu əməkdaşlığı, görülən və görüləcək işlər haqqında məlumat verilib.

Çıxışlardan sonra “İnnovasiyalar və təhsil: yeni inkişaf yolu” mövzusunda panel müzakirələr gerçəkləşdirilib. Panel müzakirələr Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun moderatorluğu ilə aparılıb. Müzakirələrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov iştirak ediblər.

“Bootcamp”ın gedişində iştirakçılar “Microsoft”un qurucusu Bill Geytsin uşaqlığı, iş karyerası və inkişaf etməkdə olan ölkələrdə insanların həyatını yaxşılaşdırmaq istəyindən bəhs edən “Inside Bill's Brain” adlı sənədli filmi izləyiblər.

Tədbir sentyabrın 8-də davam edəcək. İkinci gündə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ilə görüş, “Mentorluq, texnika və mexanizmləri”, “İdeyadan innovasiyaya” mövzusunda təlimlər, “EduTech” panel müzakirəsi, eyni zamanda, Şamaxı Safari Parkına tur nəzərdə tutulur. “Bootcamp” tədbirində ADNSU-nun 5 müəllimi mentor qismində iştirak edir.