Card image cap

Paralimpiyaçı çempionlarımız vətənə qayıtdı

Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) III kurs tələbəsi Vəli İsrafilov və bir neçə paralimpiya çempionumuz sentyabrın 6-da Bakıya qayıdıb.  

Qızıl medalla vətənə dönən üzgüçülər Roman Saley, Vəli İsrafilov, atletikadan Orxan Aslanov, Samir Nəbiyev və taekvondoçu Əbülfəz Abuzərli Heydər Əliyev adına Hava Limanının böyük coşqu ilə qarşılanıb. Təntənəli qarşılanma mərasimində ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov, ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev və tələbələr iştirak edib.

Qeyd edək ki, ADNSU-nun Energetika fakültəsinin III kurs 510.19 E qrup tələbəsi Vəli İsrafilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandıraraq Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionudur.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla təltif olunanlar arasında ADNSU tələbəsi İsrafilov Vəli Rəşadət oğlu da var. O, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.