Card image cap

ADNSU-da Azərbaycan-Fransız Universitetinin Məzun Günü keçirilib

İyulun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Məzun Günü keçirilib. 

 

Tədbirdə Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev, ADNSU rektoru Professor Mustafa Babanlı, UFAZ-ın İcraçı Direktoru Vazeh Əskərov, tərəfdaş şirkətlərin rəhbərləri, universitetin professor-müəllim heyəti və məzunlar iştirak ediblər.

 

Əvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla anılıb.

 

Tədbirdə çıxış edən Təhsil naziri Emin Əmrullayev UFAZ-ın Azərbaycan Prezidentinin təşəbbüsü ilə yarandığını və 2016-cı ildən pilot bir layihə kimi fəaliyyətə başladığını bildirib. O, belə bir təhsil ocağının ADNSU nəzdində yaranmasının təsadüfi olmadığını qeyd edərək, 100 illik yubileyini qeyd etmiş bu universitetin ölkə tarixində böyük iz buraxdığını söyləyib. UFAZ-da tələbələrinin təhsil göstəricələrinin oxşar ixtisaslar üzrə ümumi göstəricilərdən daha yüksək olduğunu bildirən nazir, bunun düzgün və keyfiyyətli işin göstəricisi olduğunu bildirib. Emin Əmrullayev məzunların işğaldan azad olunmuş ərazilərin bərpasında və inkişafında böyük tövhə verə biləcəyini qeyd edib və onlara gələcək karyeralarında müvəfəqiyyətlər arzuladı. 

 

ADNSU rektoru, professor Mustafa Babanlı çıxışında UFAZ-da ötən il 125 nəfər, bu il isə 113 nəfər məzunun olduğunu bildirib. Ötən il ilk dəfə burada magistratura pilləsi üzrə təhsil başlayıb. UFAZ-ın bu ilki məzunlarından 44 nəfər universitetin magistratura pilləsinə qəbul olunub. Mustafa Babanlı UFAZ-dakı təhsilin dünyəvi təhsil olduğunu qeyd edib. “Əsas məqsədimiz Azərbaycan gəncinin öz ölkəsini tərk etmədən Avropanın qabaqcıl Universitetlərinin vermiş olduğu təhsili burada almasıdır. ADNSU öz növbəsində bu təhsilin daim keyfiyyətli qalmasına əlindən gələni əsirgəmir”. Rektor valideynləri təbrik edib, məzunlara uğurlar arzuladı. 

 

UFAZ-ın icraçı direktoru Vazeh Əskərov ADNSU tərəfindən göstərilən diqqətə görə universitetin rektoru Mustafa Babanlıya təşəkkür etdi. Vazeh Əskərov UFAZ-ın bu il məzun olmuş tələbələrindən 14 nəfərinin dünyanın aparıcı universitetlərinə qəbul olunduğunu bildirib.

 

Tədbirdə çıxış edən Azərkosmos ASC-nin sədr müavini Dunay Bədirxanov, UFAZ ilə əməkdaşlıqdan danışaraq, bu universitet tələbələrinin bir sıra yarışmalarda və beynəlxalq tədbirlərdə fəal iştirakını vurğulayıb. Azərbaycanın 3-cü peykinin göyə buraxılması proseində canlı iştirakçılardan birinin UFAZ tələbəsi olmasının təsadüfi olmadığını bildirib. 

 

Tələbələr adından çıxış edən Fidan Kərimova müəllim və professorlara təşəkkürünü bildirib. 

 

Rəsmi hissədən sonra məzunların mükafatlandırılması mərasimi olub. İlk olaraq ən yüksək nəticə göstərmiş məzunlara ADNSU xüsusi hədiyyələri təqdim edilib və bütün məzunlara məzun olduqları barədə Sertifikatlar təqdim olunub. 

 

Sonra UFAZ tələbəsi Aysu Məmmədova iştirakçılar üçün bir neçə mahnı ifa edib. Yekunda tələbələr rəsmi qonaqlarla xatirə şəkilləri çəkib.