Card image cap

ADNSU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub

Mayın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci  ildönümünə həsr olunmuş tədbir keçirilib. Onlayn və Offlayn formatda keçirilən tədbirdə ADNSU-nun  rektoru, professor Mustafa Babanlı, millət vəkili Arzu Nağıyev, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

ADNSU-nun  rektoru, professor Mustafa Babanlı ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, eyni zamanda Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışıb. O bildirib ki, indi ulu öndərin ruhu şaddır, çünki ilk dəfə olaraq biz ümummilli liderin anım gününü onun görmək istədiyi, torpaqları işğaldan azad olunmuş Azərbaycanda qeyd edirik. Rektor əlavə edib ki, ulu öndər Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışmış, millətimiz, xalqımız üçün əlindən gələni əsrigəməmişdir. Ulu öndər üçün ən ümdə məsələlərdən birinin əzəli Azərbaycan torpaqlarının erməni işğalıdan azad edilməsi olduğunu qeyd edən rektor Mustafa Babanlı ötən il 44 gün ərzində yenilməz Azərbaycan ordusunun bu missiyanı şərəflə yerinə yetirdiyini deyib və ümummilli lider Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq ənənəsinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirlidiyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Millət vəkili Arzu Nağıyev bu gün Azərbaycanın inkişafının təməl prinsiplərinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. O qeyd edib ki, istər müstəqillik dövründə, istərsə də Sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada inkişaf etmiş, təhlükəsiz və abad dövlət kimi tanınır, dəstəklənir. Millər vəkili bütün sahələrdə, o cümlədən hərbi sahədə ixtisaslı kadrların da kifayət qədər olmasının məhz ulu öndərin kadr siyasətinin nəticəsi olduğunu vurğulayıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsini həmin siyasətin nəticəsi kimi dəyərləndirən Arzu Nağıyev Xalq-Ordu-Ali Baş Komandan birliyinin və ordumzun tarixi qələbəsinin ölkəmizi bir daha dünyaya tanıtdığını bildirib.

ADNSU-nin “İctimai fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev tarixi faktlara istinad edərək ulu öndər Heydər Əliyevin xidmətlərindən söz açıb. O bildirib ki, milli adət-ənənələrimizin, dövlətçiliyimizin, həmçinin tariximizin qorunmasında və bügünkü müasir Azərbaycana çatdırılmasında ümummilli liderin xidmətləri əvəzsizdir. Ona görə də nə qədər Azərbaycan xalqı var, Azərbaycan xalqı yaşayır, həmişə ulu öndərin ruhu qəlblərdə yaşayacaq, etiramla yad olunacaq.