Card image cap

UFAZ-da magistraturaya qəbul imtahanı keçirilib

Aprelin 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2021/2022-ci tədris ili üçün magistratura pilləsi üzrə qəbul imtahanı keçirilib.

Artıq ikinci dəfə keçirilən magsitratura imtahanında müxtəlif universitetlərdən ümumilikdə 123 tələbə qeydiyyatdan keçib və namizədliyi təsdiq edilib. Namizədlərin 53-ü UFAZ tələbəsi, digər 70-i isə Azərbaycanın müxtəlif universitetlərinin məzunlarıdır.

İmtahan Koronavirus (Covid-19) pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş bütün zəruri göstərişlər nəzərə alınaraq keçirilib. Belə ki, tələbələr maskada, gigiyena qaydaları və sosial məsafə gözləbilərək, eləcə də hərarətləri ölçülərək UFAZ-a daxil olublar. İmtahan otaqlarında tələbələrin yerləşməsi də sosial məsafə gözlənilərək təmin olunub.

150 dəqiqə davam edən imtahanda tələbələr 3 ixtisas (Kimya Mühəndisliyi/ Fiziki Kimya, Tətbiqi Kompüter Elmləri (Big Data və Süni Zəka) və Yer Elmləri ixtisasları) üzrə ingilis dilində verilən sualları cavablandırıblar.

İmtahanın ilkin nəticələri aprelin 27-də elan olunacaq.

İmtahanın nəticəsindən razı qalmayan tələbələr aprelin 30 -da appelyasiyaya müraciət edə bilər. Qəbul olunmuş namizdələr öz namizədliyini 5 may tarixində təsdiq edə bilər. Təhsili dili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və Rus bölməsi) isə UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur. Ingilis dili sertifikatını təqdim edə bilməyən namizədlər imtahandan uğurla keçərsə onlar şərti olaraq qəbul edilir və nəticələrini iyun ayında qədər təqdim edə bilərlər.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 50-dan artıq bal toplayan hər kəs UFAZ-ın magistratura proqramlarına müraciət etmək hüququna malik idi. Magistratura proqramı üçün UFAZ-ın qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirmirlər.

Həmçinin Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura üzrə ikinci şans imtahanından məqbul bal toplayanlar iyun ayında yenidən müraciət edə bilərlər.

Xatırladaq ki, UFAZ-da magistratura proqramı üçün ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir. UFAZ-ın Magistratura pilləsini bitirmiş tələbələr iki dövlət diplomuna yiyələnəcəklər. Beləliklə, tələbələr xaricə getmədən ADNSU ilə bərabər Fransanın ən nüfuzlu universitetlərindən biri olan Strasburq Universitetinin diplomunu ala biləcəklər. Magistratura üzrə təhsil Fransa təhsil sisteminə uyğunlaşdırılmış formada yüksək ixtisaslı Fransa və Azərbaycan müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfindən aparılacaq.