Card image cap

ADNSU-nun məzun şəhidinin xatirə lövhəsinin açılışı olub

Yanvarın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Məmmədov Əlihüseyn Elşad oğlunun Sabaunçu rayanu ərazisində yaşadığı binanın üzərində quraşdırılmış xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Mərasimdə millət vəkili Vüqar İskəndərov,  ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev və universitetin digər əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidimizin yaxınları iştirak ediblər. Millət vəkili Vüqar İskəndərov Ermənistanın hərbi təxribatına qarşı başlanan və 44 gün davam edən müharibədə Azərbaycanın Əlihüseyn kimi igid oğlanlarının nəyə qadir olduqlarını bir daha sübut etdiyini və onların sayəsində əzəli torpaqlarımızın düşmən tapdağından azad olunduğunu deyib. O, əlavə edib ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhərəmanlıq göstərən, şəhidlik zirvəsinə ucalan qəhərəman oğullarımız and yerimizdir, onların adı hər zaman ən uca zirvələrdə çəkiləcək.

Dosent Ata Babayev açılış mərasimində Vətən müharibəsində şəhid olmuş Azərbaycanın igid oğlu, şəhid Məmmədov Əlihüseynin tələbəlik illərindən söz açıb. Qeyd edib ki, Əlihüseyn istiqanlı, savadlı və vətənpərvər bir gənc olub. Ona görə də hər zaman müəllimləri və tələbə yoldaşları onu xoş xatirələrlə yad edəcəklər. A.Babayev bildirib ki, dövlətimiz kimi, biz də universitet olaraq ADNSU-nun məzunu olmuş şəhidlərimizə daim diqqt və qayğı göstərəcək, onları hər zaman yad edəcəyik. Digər çıxış edənlər də şəhidimizin, o cümlədən Əlihüseyn Məmmədovun  qəhrəmanlığından söz açıblar, onların ən uca məqamə yüksəldiklərini deyiblər.

Qeyd edək ki, Əlihüseyn Məmmədov 2016-cı ildə ADNSU-nun Energetika fakültəsinin İstilik energetikası mühəndisliyi ixtisasına daxil olub və 2020-ci ildə universiteti bitirərək həqiqi hərbi xidmətə yollanıb.

Vətən müharibəsi başlayanda o da bir əsgər kimi silaha sarılıb Vətən müharibəsində fəal iştirak edib. O, 2020-ci il oktyabrın 9-da Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bu igidliyinə görə Əlihüseyn Məmmədov dövlət başçısının sərəncamı ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.