Card image cap

ADNSU-nun Elmi Şurasının universitetin 100 illiyinə həsr olunmuş iclası keçirilib

Noyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının təhsil ocağının 100 illik yubilyinə həsr olunmuş iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı onlayn formatda keçirilən iclasda əvvəlcə rəşadətli Azərbycan Ordusunun qazandığı qələbədən danışıb. Bildirib ki, universitetimizin 100 illik yubileyinin belə bir şanlı tarixə təsadüf etməsi sevincimizi birəbeş artırıb. O, sentyabrın 27-dən Ermənistanın hərbi təxribatına qarşı başlanan və 44 gün davam edən müharibədə qazandığımız zəfərin əvəzsiz hadisə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz döyüş meydanında zəfər çalaraq yeni tarix yazıb. Müasir Azərbaycan Dövlətinin hərb və diplomatiya səhifəsində bu tarix qələbə təqvimi olaraq hər zaman fəxarətlə xatırlanacaq.

Professor Mustafa Babanlı Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə ADNSU-nun tələbə və məzunlarının, həmçinin universitetin əməkdaşlarının da iştirak etdiyini xatırladıb və belə igidlərimizin dövlətimiz və universitet tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunacağını deyib. ADNSU-nun Elmi Şurasının universitetin 100 illiyi münasibətilə keçirilmiş iclasında şura üzvlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə MÜRACİƏTİ oxunub və yekdilliklə qəbul olunub.

Sonra rektor M. Babanlı universitetin 100 illik yubilyi, yaranması, tarixi, ali təhsil müsəsisəsi kimi fəaliyyətə başladığı ilk gündən bu günə qədər keçdiyi inkişaf yolu haqda danışıb. O, bildirib ki, hələ 100 il bundan qabaq Azərbaycanda belə bir ali təhsil müəssisəsinin yaradılmasını zəruri edən ən mühüm səbəblərdən biri ölkəmizdə neft sənayesinin olması və onun inkişafınından irəli gələn amillər olub. Zaman-zaman bu təhsil ocağı, təkcə Azərbaycan üçün yox, dünyanın onlarla ölkəsi üçün ixtisaslı mütəxəssis və mühəndis kadrların yetişdirilməsində xüsusi rol oynayıb. Odur ki, ölkəmizdə neft sənayesinin inkişafında, həmçinin geologiya və kimya sahəsində qazanılan uğurlarda Azİİ məzunlarının xüsusi çəkisi var. Rektor əlavə edib ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizdə neft sənayesinin inkişafı istiqamətində yeni, savadlı mütəxəssislərə olan tələbat da Azİİ məzunları hesabına təmin edilib. Bu gün da universitet bu missiyanın öhdəsindən layiqincə gəlir.

Professor Mustafa Babanlı çıxışı zamanı 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə universitetin adının dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılması ilə təhsil ocağının inkişafında yeni mərhələsinin başlandığını diqqətə çatdırıb. Qeyd edib ki, ADNSU həmişə Azərbaycanın elmi-texniki istiqamətini müəyyən edən ali təhsil müəssisəsi olub. Son illərdə isə təhsilə və tədrisə ayrılan diqqət sayəsində universitet bu missiyanı daha uğurla, müasir çağrışlara uyğun və geniş plarformada həyata keçirir. O, qeyd edib ki, tədrisin və təhsilin keyfiyyətinin yüksəldilməsindən elmi nailiyyətlərin qazanılmasına, həmçinin beynəlxalq əlaqələrin yüksəldilmsinə qədər bütün istiqamətlərdə əsaslı nəticələr əldə olunub. Bu gün ADNSU-da müasir texnoloji vasitələrdən, onların yaratdığı imkanlardan ən yüksək səviyyədə istifadə olunur, universitetin maddi-texniki bazası tamamilə yenilənib və müasir standartlara uyğunlaşdırılıb.

Sonra ADNSU-nun Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, Qaz-neft mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov, Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, professor Araz Əliyev, Cihazqayırma mühəndisliyi kafedrasının müdiri, dosent Lalə Bəkirova, Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının müdiri, professor Ələkbər Həsənov, Tərbiyə İşləri üzrə prorektor, dosent Ata Babayev, BA (MBA, BBA, ZU) Proqramlarının direktoru, professor Rafiq Əliyev, Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova və İdarəetmə və Sistemlər mühəndisliyi kafedrasının professoru Səlahəddin Yusifov çıxış edərək ADNSU-nun texniki profilli təhsil müəssisəsi olaraq elmin inkişafına, iqtisadiyyatımıza verdiyi töhfələrdən və son illər qazandığı uğurlardan bəhs ediblər, unversitet haqqında arzu və istəklərini bildirblər.

Sonda ADNSU-nun rektoru, professor Mustafa Babanlı hər kəsə təşəkkürünü bildirib, universitetin bütün əməkdaşlarını, tələbə və məzunlarını bir daha Azərbaycan Ordusunun qazandığı şanlı qələbə və 100 illik yubiley münasibəti ilə təbrik edib, onlara yeni-yeni uğurlar arzu edib.