Card image cap

ADNSU-da “UniLab” layihəsi çərçivəsində “Focus Group Discussion” keçirilib

Noyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) partnyor şirkətləri ilə  “UniLab” layihəsi çərçivəsində “Focus Group Discussion” keçirilib.

20-dən çox dövlət və özəl müəssisənin rəhbərlərinin və əməkdaşlarının iştirak etdiyi onlayn müzakirədə universitetlə müəssisələr arasındakı əlaqələr, tələbə və məzunların istehsalat təcrübəsinə cəlb olunması və  eləcə də əmək bazarının tələblərinə uyğun kadr hazırlığı kimi məsələlərin əsas aspektləri müzakirə olunub.

Konfransı giriş sözü ilə açan ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov “UniLab” layihəsi və layihənin əsas istiqamətləri haqqında iştirakçılara məlumat verib, şirkətlərlə əməkdaşlığın ADNSU-nun prioritet istiqaməti oldğunu vurğulayıb.

ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərov təcrübə proqramlarının ali məktəblərə tələbələrin hansı kompetensiyalara yiyələnməli olduqlarına dair məlumat verməsi və tədris prosesində bunun nəzərə alınması baxımından zəruri olduğunu qeyd edib.

ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektorun müavini Ülviyyə Abbasova şirkətlərlə əməkdaşlıqda təlim və treninqlərin  intensiv şəkildə keçirilməsinin mühümlüyünü qeyd edib.

ADNSU ilə əməkdaşlıqdan və əmək bazarının tələblərindən danışan konfrans iştirakçıları tələbə və məzunların şirkətlərə təcrübəyə cəlb olunması və işlə təmin olunması istiqamətindəki çatışmzalıqlara da toxunublar.

ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdıran Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Emin Bəylərov tələbələrin praktiki və nəzəri vərdişlərə yiyələnməsində universitetlərlə birgə iş aparılmasının vacibliyinə toxunub.

“Azercell” şirkətinin İnsan kapitalının idarə edilməsi departamentinin mütəxəssisi Leyla Tağıyeva müasir texnologiyaların tətbiqindən və bu sahədəki çatışmazlıqlardan söz açaraq İT-nin inkişafı üçün diqqət yetirilməli olan vacib məqamlardan danışıb.

Digər şirkət nümayəndələri də çıxışlarında universitetlərlə mövcud əməkdaşlığın tələb olunan sahələr üzrə təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində plan tərtib olunmasının və birgə iş aparılmasının vacibliyindən danışıblar. Günün tələbinə uyğun olaraq şirkətlərdə hazırda tələbə və məzunlardan ixtisasla yanaşı, dil bilikləri və İT bacarıqlarının da tələb olunduğu qeyd edilib.  Bəzi köhnə proqramların dəyişdirilməsi və daha müasir texniki biliklərlə əvəz olunması məsələsi geniş müzakirə edilib, təkliflər dinlənilib.  

Konfransda iştirak edən “Metak” MMC , “Nabucco Memarlıq və İnşaat” MMC, “Azər Türk Bank” ASC, “Paşa Bank” ASC, “Destec Group”, “Azərenerji” ASC, “Ömür klinikası”, “Dərs Evi”, “Baku Steel Company” MMC, “AzeriMed” MMC, “Turan Drilling and Engineering Company” , “Bos Shelf” MMC, “Geodeziya və Kartoqrafiya” MMC, “Azərbaycan Milli Aerokosmik Agentliyi”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi”, “Azercell”, ”Azİn Telekom” MMC, “BS-Avtomatika” MMC və digər şirkətlər “Dual tədrisin”- yəni həm  nəzəri, həm praktiki vərdişlərin aşılanmasının zəruriliyini qeyd ediblər.  

Qeyd edək ki, ADNSU  Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə yanvarın  1-dən etibarən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarusiya və Rusiyada -  ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir.