Card image cap

ADNSU kollektivinin Silahlı Qüvvələrə yardımının həcmi 200 min manatı keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna daha 50 min manat köçürüb, bununla da universitetin və professor-müəllim heyətinin fərdi qaydada könüllü surətdə silahlı qüvvələrə göstərdiyi yardımın ümumi həcmi 200 min manatı keçib.

Xatırladaq ki, ADNSU tərəfindən oktyabrın 5-də Azərbaycana qarşı hərbi təxribatına qarşı əks-hücum əməliyyatları keçirən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürülmüşdü. Oktyabrın 9-dək ADNSU-nun əməkdaşlarının fərdi  qaydada Fonda köçürdüyü vəsaitin həcmi 33 856 manat təşkil etmişdi. Oktybarın 7-də və 25-də ADNSU tərəfindən cəbhə xəttinin ayrı-ayrı bölgələrində döyüşən əsgərlərimizə yardım olunub.

Qeyd edək ki, ADNSU-nun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardm kampaniyası 4 istiqamətdə gerçəkləşdirilir.

  • ADNSU-nun büdcəsindən Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr;
  • ADNSU əməkdaşları tərəfindən könllü şəkildə fərdi qaydada Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr;
  • ADNSU əməkdaşlarının könüllü şəkildə topladıqları vəsait hesabına cəbhə xəttindəki əsgərlərə göstərilən birbaşa yardım;
  • Ermənistanın təxribatlarına qarşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatlarında iştirak edən ADNSU-nun tələbə, məzun və əməkdaşlarının ailələrinə göstərilən birbaşa yardım.

Bundan əlavə, ADNSU-nun əməkdaşları və Tələbə-Həmkarlar İttifaqı Komitəsinin xətti ilə cəbhədə döyüşən əsgərlərə isti paltar və digər geyimlərdən ibarət bağlamaların yola salınması kampaniyası da davam edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək kampaniyasını davam etdirən ADNSU eyni zamanda Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsinə qarşı da fəal mübarizə aparır. ADNSU-nun sayı 20 mindən artıq olan tələbə və müəllim heyəti universitetin facebook, instagram, telegram və digər sosial şəbəkə hesabları, eləcə də fərdi hesabları vasitəsilə Ermənistanın virtual məkandakı təxribat və dezinformasiya kampaniyasını ifşa edir.

Bu gün digər həmvətənlərimiz kimi, ADNSU-nun 20 minlik tələbə-müəllim heyəti, Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edən universitetimizin onlarla məzunu və əməkdaşı kimi, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə istənilən an silaha sarılaraq müqəddəs torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştiraka hazırdır.

Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycan dövlətinə və Azərbaycan xalqına eşq olsun! Qarabağ Azərbaycandır!

#karabakhisazerbaijan