Card image cap

ADNSU Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini davam etdirir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Ermənistanın sentyabrın 27-də törətdiyi hərbi təxribata cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatlarını alqışlayır və inanır ki, şanlı Azərbaycan Ordusunun Dağlıq Qarabağ və işğal olunmuş digər torpaqlarımızı azad edəcəyi gün çox yaxındadır. Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa edərək tarixi ədalətin təmin olunmasında Azərbaycan Ordusu ilə yanaşı çoxmillətli ölkəmizin bütün vətəndaşları möhkəm birlik, həmrəylik və Vətənə tükənməz sevgi nümayiş etdirir. Bu hal, hamı kimi, ADNSU-nun 20 minlik professor-müəllim və tələbə heyətinə də böyük fəxarət hissi yaşadır.

Bir neçə gün əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50.000 manat vəsait köçürüb. Bundan əlavə, universitetin əməkdaşları da könüllü şəkildə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürürlər. 9 oktyabr 2020-ci il tarixinə olan məlumata görə ADNSU-nun əməkdaşlarının fərdi  qaydada Fonda köçürdüyü vəsaitin həcmi 33 856 manat təşkil edir və bu rəqəm hər gün artır.

Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad etməsini böyük həyəcan və hər gün yeni qələbə xəbərləri eşidəcəyinə əminlik hissi ilə izləyən ADNSU kollektivinin üzvləri könüllü qaydada əlavə olaraq cəbhə bölgəsindəki əsgərlərimizə birbaşa yardım da göstəriblər. Bu məqsədlə oktyabrın 7-də ADNSU-nun əməkdaşları cəbhə bölgəsindəki N saylı hərbi hissədə olub, əsgərlərlə görüşüblər. Əsgərlərimizin yüksək döyüş ruhu, onların istər silah-sursat və hərbi texnika, istərsə də maddi təminat baxımıdan yüksək səviyyədə təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğalçı Ermənistan hərbi birləşmələrinin tezliklə tam məğlubiyyətə uğradacaqlarını və torpaqlarımızın düşmən tapdağından həmişəlik azad olunacağına əminlik yaradır.  

ADNSU-nun 20 minlik tələbə-müəllim heyəti, Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edən universitetimizin onlarla məzunu və əməkdaşı kimi, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə istənilən an silaha sarılaraq müqəddəs torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştiraka hazırdır.

Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycan dövlətinə və Azərbaycan xalqına eşq olsun! Qarabağ Azərbaycandır!